Reklam verin!
Yazını "XəbərNamə"yə göndər! Aprel 4, 2008 23:20 tarixində, Vüsal Məmmədov tərəfindən, "analiz" bölməsində yazılib       Şərhlər(0)      Oxunub:97
NATO bütün hədəfləri birdən vurmaq istəmədi; bu, hətta dünyanın ən qüdrətli Hərbi Alyansı üçün də həddindən artıq ola bilərdi. Ona görə də, Buxarestdə məqsədə doğru sıçramaq yox, addım-addım yaxınlaşmaq yolu seçildi. Zənnimizcə, NATO-nun 20-ci sammitinin yekunlarını məhz bu cür təsvir etmək daha dəqiq olardı.
Gerçəkdən də, Sammitin gündəliyində “strateji” qrafası altında əsas iki məsələ vardı: 1) Şərqə doğru genişlənmə, 2) Şərqi Avropada ABŞ-ın Raketdən Müdafiə Sisteminin (RMS) yerləşdirilməsi. İkincidən başlayaq.

Sammitin gedişində Çexiya və Polşa öz ərazilərində RMS elementlərinin (RLS-lər və yaxalayıcı raketlər) yerləşdirilməsinə rəsmən razılıq verdilər. Beləliklə, 2013-cü ildən Avropa tamamilə ABŞ-ın RMS-in “çətir”i altında olacaq. Və bunun, rəsmi Vaşinqtonun iddia etdiyi kimi, Yaxın Şərqlə bağı olduğuna inanmaq sadəcə, gülüncdür. Rusiya jurnalistləri və analitikləri Amerikanın bu addımını necə əsaslandırmasına çox hiddətlə yanaşırlar: “Yankilər sərhədlərimizin böyründə müasir hərbi komplekslər yerləşdirir və üstəlik, həyasızcasına inandırmağa çalışırlar ki, bu, bizim xeyrimizədir”. Doğrudan da, məsələ çox ciddi olmasaydı, məzəli olardı...

Əslində isə, qlobal RMS-in qurulması dünyada hərbi balansı tamamilə pozmağa (onsuz da həqiqi balans yoxdur) və Rusiyanın geosiyasi iddialarını hərbi əsasdan məhrum etməyə yönəlib. Bundan sonra Rusiyanın əlində qlobal siyasətə təsir etməyin bircə yolu qalacaq: enerji. Onu da neytrallaşdırmaq üçün Qərbin təbii, ki, xüsusi planları var.

Məhz bu səbəbdən Moskva NATO-nun Şərqə doğru genişlənməsini ağrılı qarşılayır və “öz milli təhlükəsizliyinə hədə” (Putin) sayır. Axı prinsipcə, RMS – hücum silahı deyil, müdafiə sistemidir. Yəni təhlükəsizliyə birbaşa hədə sayıla bilməz. Amma bir qədər uzaq perspektivdə Rusiyanın siyasətini “tərksilah” vəziyyətə salacağı şübhəsizdir.

Buna qarşı Moskva hansı addımları ata bilər? Praktik olaraq, heç nə. Artıq neçənci dəfədir ki, Putin “gərəkən tədbirlər görəcəyik”, “bizim də ehtiyat planlarımız var” kimi ifadələr işlədir, amma faktik olaraq, real addım atmağa Rusiyanın heç bir gücü və imkanı yoxdur. Ona görə də, Moskvanın Alyansa cavabı simmetrik yox, asimmetrik ola bilər. Yəni tutaq ki, yeni üzvlərə təzyiq göstərmək, yaxud, enerji kartına əl atmaq yoluyla. Bunlardan savayı Rusiyanın xarici siyasət arsenalında dişə vurulası bir şey gözə çarpmır. Axı o, NATO-nun Şərqə genişlənməsinə cavab olaraq, Kollektiv Müdafiə Təşkilatını böyütmək qüdrətində deyil.

Bu baxımdan yanaşanda, Gürcüstan və Ukraynanın NATO-ya Qəbul Fəaliyyəti Planına dərhal üzv götürülməmələri onların özlərinə daha xeyirlidir. Əks təqdirdə bu ölkələr nəhəng qonşularının ağır təzyiq və hətta müdaxilələrilə üzləşəcəkdilər. Hərçənd, NATO-nun onlara sadəcə dekabra qədər “ev tapşırığı” verdiyini nəzərə alsaq, bu, sadəcə vaxt məsələsidir. İstisna deyil ki, indən sonra Moskva bu ölkələrin daxilindəki proseslərə nüfuz etmək və hətta hakimiyyətlərini dəyişmək üçün səylərini artıracaq.




De, gəlsin:

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha