(I yazı)
Rəsm: Uilliam Hoqart. "Seçki" silsiləsindən -1. "Seçki qonaqlığı" (1754)

Düzünü deyim ki, mən hələ indiki kimi bir seçki ili gördüyümü xatırlamıram. 2005, 2003, 2000, 1998, 1995 – bunların hamısı necə deyərlər, gözümüzün önündə keçib, amma heç biri bu cür ölüvay başlamamışdı. Düzdür, rəsmən kampaniyaya hələ start verilməyib, amma bunun siyasi qüvvələrin hazırlıq presesinə dəxli olmamalıdır axı; hələ dünya təcrübəsi bir yana dursun, elə bizim özümüzdə də adətən, hələ seçki ili girməmişdən müxalifət daxilində hazırlıq prosesi, namizəd axtarışları, vahid namizəd çəkişmələri başlayar, çeşidli bloklar, birliklər formalaşar, canlanma müşahidə olunardı. Amma hələ ki bütün bunlarlın heç birinə rast gəlmirik. Niyə?
Məsələyə bir az dərindən yanaşsaq, aktivlik üçün istənilən siyasi qüvvəyə bu resurslar lazımdır:
1. Maliyyə (söhbət seçkidən gedirsə, həm də ciddi maliyyə);
2. Sosial baza (seçki ərəfəsində bura əlavələr də olunaraq, elektorata çevrilir);
3. Kadr potensialı
4. Media (təbliğat) arsenalı
5. İdeya.
Əlbəttə, məsələ bunlarla da bitmir, amma sadaladıqlarımız, belə deyək, kritik resurslardır ki, onlarsız normal seçki kampaniyasına başlamaq sadəcə, mümkünsüzdür. O sadə səbəbdən ki, seçki – böyük məsrəflər tələb edən prosesdir, həvəskarların oyunu deyil.
Bəs hazırda müxalifətin bu imkanları nə yerdədir?
Başlayaq birincidən – Maliyyədən.
Müxalif qüvvələr adətən 3 mənbədən maliyyələşirlər: 1) Biznes çevrələri; 2) Xarici qüvvələr; 3) Hakimiyyətin daxilindəki maraq qrupları. Sonuncuların məqsədləri müxtəlif ola bilər, amma indi onlara ayrıca toxunmayacağıq. Əsas gözə çarpan budur ki, hazırda Azərbaycan müxalifət bu üç mümkün mənbənin heç birindən ciddi maliyyə dəstəyi almır. 2005-ci ilə qədər mövcud olan kanalların da çoxu ya quruyub, ya da qurudulublar. Halbuki, aksiya keçirməkdən tutmuş, qərargah saxlamağa qədər bütün seçki hərəkətləri hamısı böyük məsrəf aparan işlərdir. Bəs həmin vəsait haradan tapılacaq? Əgər qısa vaxtda vəziyyətdə ciddi dönüş olmasa (bu isə çox az ağlabatandır), təbii ki, heç yerdən; bu isə o deməkdir ki, müxalifət seçki ilini 5 vacib resursdan birindən - ən vacibindən!,- məhrum halda keçirməyə məhkumdur. Ağır yaradır...
İkinci məqama – sosial bazaya gəlincə, açığı, bu barədə dəqiq rəqəmlər demək bir qədər çətindir. O mənada ki, adətən, sosial bazanın tutumu və siyasi qüvvənin mümkün elektoral potensialı bütün dünyada sorğular və digər sosial araşdırmalar yoluyla öyrənilir. Azərbaycanda keçirilən sorğuların isə əksəriyyəti, yumşaq desək, birmənalı görünmür, üstəlik, kütlənin sorğu mədəniyyəti yoxdur. Amma bütün bunlarla yanaşı, hakimiyyətin və müxalifətin sosial bazaları arasında uçurumun olduğu da heç kimdə şübhə doğurmur. Burada maraqlı bir effekt də özünü göstərir: Azərbaycanda hətta yaşayışından (və ümumiyyətlə, ölkədəki durumdan) narazı olanların da çoxu hakimiyyətin elektoral aktivindədir. Bu ictimai seqmenti məsələn, infliyasiyadan və rüşvətdən daha çox, proqnozlaşdırılmayan dəyişiklik perspektivi narahat edir. Bunun nəticəsidir ki, ölkədə yoxsulluğun hətta rəsmən 40 faiz (reallıqda isə daha çox!) olduğu dönəmdə belə, Gallup Media-nın (bu qurum dünyada az qala dəqiqlik etalonu sayılır) keçirdiyi sorğuya görə, hakimiyyətin 75 faiz ətrafında reytinqi vardı.
O biri üç resurs haqda isə növbəti yazıda.

Camaatın seçkiyə nə qədər maraq göstərməsi elə burdan da görünür.
Bloqa qoyulan bir gün ərzində bu yazı cəmi 8 dəfə oxunub...
Aprel 11, 2008 18:52