Pritça
Uzaq ölkələrin birində çox müdrik bir hökmdar vardı. Günlərin birində onun vəziri bağışlanmaz suç işlədir: qonşu ölkənin şahına çuğulluq edir. Buna ancaq bir cəza düşürdü – ölüm!
Amma qoca hökmdar vəzirini həmişə çox sevmişdi. Buna görə ona bir fürsət vermək istəyir. Edam günü taxta çıxıb, yenidən divan qurur. Vəziri gətirib iki cığırın arasında saxlayırlar. Cığırların biri cəllad kötüyünə, o biri isə qapqara bir qapıya doğru gedirdi. Bir yanda baltası əlində müntəzir dayanan cəllad, o biri yanda qapqara Məchulluq...
Şah başını qaldırmadan, ağır-ağır deyir:
- Sənə fürsət vermək istəyirəm. Özün seç: ya cəllad kötüyü, ya da Qara Qapı...
Vəzir ehtiyatla soruşur:
- Bəs o qapının dalında nə var?
Şah cavab verir:
- Bilmirəm. Heç kim bilmir, çünki indiyə qədər heç kim Qara Qapını seçməyib. Mənim atamın da, babamın da şahlığında hamı Qara Qapıdansa, ölümü üstün tuturdu. Amma indi sənin əgər istəsən, orada nə olduğunu öyrənmək imkanın var... Ya da ki başın bədənindən ayrılacaq... Özün seç!
Vəzir dərin-dərin, uzun-uzun fikirləşdi, gah qapıya, gah cəlad kötüyünə baxdı, düşündü-daşındı və sonda:
- Yox, - dedi,- Öldür məni. Qara Qapıdan girmək istəmirəm.
Hökm yerinə yetirildi.
Amma bu hadisə xatunun ürəyinə xal salır. Qara Qapının arxasında nə olduğunu bilmək üçün alışır-yanır, rahatlıq tapmır. Ərindən neçə dəfə soruşur, amma cavab almır və günlərin birində “Əgər sirri açmasan öldürəcəyəm özümü”,-deyir.
İş bu yerə çatanda Şah:
- Boş şeyə görə canına qıymaq ağıllı iş sayılmaz,- söyləyir - Orada heç nə yoxdur! Heç nə! Bomboşdur! Orada sadəcə Azadlıq var, amma insanlar bunu seçmirlər. Onlar üçün bilinən ölüm bilinməyən Azadlıqdan daha əfzəldir. Bilinməzlik onlara ölümdən də dəhşətli gəlir. Azadlıq – seçim demək; və insan həmişə əsarətlə Qara Qapının arasında seçim edir. Azadlıq odur ki, sən növbəti addımda başına nə gələciyini bilmirsən. Ona görə də insanlar Azadlıqdan qorxurlar. Onlar üçün ölüm daha rahatdır.

- Axı insanlar sadəcə olaraq bilmirdilər ki, qapının arxasında Azadlıq var!
Aprel 12, 2008 21:21