Sizi deyə bilmərəm, amma mən Azərbaycan dilinin müraciət üçün yaratdığı imkanların azlığından çox sıxılıram. İnsanlara müraciət edərkən bilmirsən hansı xitab formasını seçəsən ki, özün də naqolay duruma düşməyəsən, üz tutduğun adama da adekvat yanaşasan. Tutalım, ingilis dilində bu məsələ detallarına qədər elə incəliklə həllini tapıb ki, hətta müraciət edilən qadının ərdə olub-olmadığını belə, ifadə etmək mümkündür. Bizdəsə özündən bir az böyük adamı bilmirsən, necə çağırasan. Bizdə universal müraciət forması kimi qəbul olunmuş “müəllim” sözünü heç sevmirəm. Adama sovet nomenklaturasından qalma anoxronizm təəssüratı bağışlayır. Eynilə “yoldaş” kimi. Hərçənd, “yoldaş” bizim dilimizdən yığışsa da (buna da şükür!), “müəllim” əksinə, yerini xeyli möhkəmlətdi. Niyə axı insan özündən yaşşca, vəzifəcə bir az yuxarı olanlara mütləq “müəllim” deməlidir? İroniyaya bax ki, müəllimliyin ən bihörmət peşələrdən sayıldığı bir dönəmdə biz kiməsə guya hörmətimizi ifadə etmək üçün “müəllim” deyə müraciət edirik. Bu xitabda sanki bir karikaturalılıq gizlənib: yəni “müəllim” - mütləq vəzifəli (hətta kiçik olsa da eybi yox – məsələn, JEK-də şöbə müdirinin müavininin köməkçisi) olmalı, sosial pillədə bizdən yuxarıda dayanmalı, kostyum geyinib qalstuk taxmalı (metro keçidlərində alınmasının da ziyanı yoxdur), imkan daxilində qarnı fizionomiyasının frontal müstəvisindən bir az qabağa çıxmalıdır. “Müəllim” artıq kontret tipaja çevrilib. Digər tərəfdən artıq orta məktəbdən başlayaraq, “müəllim” və “rüşvət” sözləri arasında assosiativ əlaqə yaranır, sonrasa bütün cəmiyyət miqyasında özünü doğruldur.
Yaxşı, lap tutaq ki, cəmiyyətdə müəyyən ictimai mövqeyi olanlardan həqiqətən vacib həyati bilgilər öyrəndiyimizi fərz edərək, onlara “müəllim” dedik. Bəs sadəcə yaşda böyük olanlara – məsələn, qonşuluqdakı 55 yaşlı Vaqif kişiyə nə deyək? Əmi, dayı, ağsaqqal?. . Heç biri istənilən effekti vermir.
Ruslarda, məsələn, belə bir şey yoxdur – onlar hörmət əlaməti olaraq, sadəcə adı və ata adını birgə işlədirlər, vəssalam – tutalım, “İqor Sergeyeviç”, qurtardı getdi; “müəllim”siz-filansız.
SSRİ yeni dağılan ərəfədə “müəllim”i əvəz etmək üçün dövriyyəyə buraxılan “bəy” sözü nəinki oturuşa bilmədi, hətta çox tezliklə ironik çalarla yükləndi. Başqa cür ola da bilməzdi, çünki həmin kəlmənin təyinatı düzgün seçilməmişdi. Normal halda bu, məsələn, ingilis dilindəki “ser” kimi bir xitab olmalıydı, amma bizdə sadəcə olaraq, şitini (shit-ini) çıxardılar. Və həmin müraciət forması heç bir məntiqi izahı, real səbəbi olmadan indi yalnız müxalifətçilik arenasına sığınıb. Maraqlıdır: “bəy”in müxalifətçiliyə nə dəxli var?
Eyni zamanda, “cənab” sözü də hələ ki səmimi ünsiyyət sferasına girə bilmir və daha çox tənəli müracəit kimi işlənir. Adamı düşündürən ifadələrdən biri “ağsaqqal” sözüdür – məncə, biz çox vaxt heç özümüz də bilmirik ki, onu hansı mənada işlədirik: ciddi, ya ironik.
Bu boşluğun nəticəsidir ki, dili çoxlu “parazit”-müraciətlər doldurub: “qaqaş”, “əmioğlu” (eləcə də digər qohumların uşaqları), hətta “çuvak” sözü də uğurla geri qayıtmaqdadır. Düz demirəm, ay brat?

Salam! Sizin fikrinizlə razıyam ki, kişiıərə olan müraciət formaları ən azı qarma-qarşıqdır, qadınlara isə "xanım" demək, məncə ən sadə və uyğun müraciətdir və hal-hazırda işlənir də. Kişilərə isə ən düzü "cənab" deməkdir. Məncə bu sözü danışiqmızda işlətsək, o tezliklə dilimizdə öz yerinə düşəcəkdir.
Aprel 17, 2008 1:24