
Bugünlərdə nahar zamanı təndir çörəyilə “Brınza” pendirinin duetini dadandan sonra süfrə başında belə bir sual səsləndi:
- Yaxşı, tutaq ki, Azərbaycanın mürəkkəb texnologiyalar, gözəl maşınlar, dəqiq cihazlar, hətta normal pal-paltar istehsal edə bilməməyini haradasa başa düşmək olar; yaxşı niyə bizdə “Brınza” kimi bir pendir də düzəltməyi bacarmırlar? Buna ki çox şey tələb olunmur!
Bəli, üzərində baş sındırmağa dəyən məsələdir.
Gəlin, pendir bişirən bir nəfəri təsəvvürümüzdə canlandıraq və onun niyə normal pendir düzəltməməsinin səbəblərini anlamağa çalışaq.
Əvvəlcə, fərz edək ki, o, yaxşı pendir bişirməyi sadəcə olaraq, bacarmır. Yəni bu işin nə nəzəriyyəsindən xəbərdardır, nə xarici təcrübədən, nə də peşəsini sevir. Və onu kiminsə zəngi və ya tapşırığı ilə işə götürüblər, ya da pendir sexinin rəisinin baldızının yeznəsi ilə dostdur. Bütün bu hallarda əlvida, dadlı pendir! “Bütün bu hallar” isə mümkün variantların azı 50-60 faizini əhatə edəcək.
İkinci variantda, o zat (bu dəfə hörmət xətrinə belə deyək, noolar pendirçi olanda) əgər peşəkardırsa, onda mütləq yaxşı maaş almalıdır. Əgər almırsa, işini nə qədər sevir-sevsin, mütləq günlərin birində bu sevgi qarşılıqsız olduğundan, sənəti məcburi nigaha dönəcək. Yəni: nə tüpürüb getmək olur, nə də tüpürmədən qalmaq. Bu halda pendirin keyfiyyəti heç onun vecinə də gəlməyəcək: “Yox bir, mən burada qəpik-quruş alım, hansısa əclaf da mənim zəhmətimin hesabına kef eləsin!.” Qalan 30-40 faiz də belə getdi – yəni içinə tüpürülməklə.
Üçüncü variant isə bu cürdür: adam peşəkardır, işinə həvəsi var, maaşı “belə də...” rubrikasında müzakirə oluna bilər, ən əsası, bilir ki, yaxşı pendir necə düzəldilməlidir. Amma yenə də heç nə alınmayacaq. Çünki:
- Əvvəla, adam işi daha yaxşı görmək istəyəndə, başının bir pillə üstündəki rəisi (tutaq ki, bizim halda baş pendirbişirən) qorxuya düşərək, onun bütün cəhdlərinin üstündən xətt çəkəcək;
- Saniyən, adam hansısa yeni təkliflər (müasir dillə desək, innovasiyalar – amma Mübariz Əhmədoğlunun innovasiyalarıyla qarışdırmayın) irəli sürəndə, aldığı cavab 99 % belə olacaq: “get, başını sal aşağı, işini gör”.
- Və salisən, ona gətirilən xammalın, konkret halda südün keyfiyyəti heç zaman yaxşı pendir bişirməsinə imkan verməyəcək. İsveçrənin, İtaliyanın, Fransanın və digər ölkələrin pendirçləri inəklərini xüsusi çəmənliklərdə otladır, xüsusi vaxtda və xüsusi üsulla sağırlar ki, pendirlərinin dadına heç bir xələl gəlməsin. Bizdəsə, zir-zibil gövşəyən inəyin südü qaymağı yığılandan, sonra bir də yığılandan və ən azı yarıbayarı su qatılandan sonra pendir sexinə gətiriləcək. Bu da hələ ən yaxşı halda! Ən pis halda “paraşok”a normadan 3 dəfə artıq su qatıb, onu pendir düzəltməyə göndərəcəklər. Di gəl, ortaya konfet qoy, görüm, necə qoyursan.
Amma məsələ təkcə pendirlə bitsə nə vardı ki!? Dərd ondadır ki, hər yerdə bu sxem (şərti olaraq onu “Bas Getsin”, qısaca BG adlandıraq) işləyir. Məsələn, adicə ayaqqabını normal tikmək üçün çox şeymi lazımdır bəyəm? Eyni hal xidmət sferasında da var – hətta satıcılar belə, normal satmağı bacarmırlar. Çünki bu “BG” sxemi hər yanda işləyir. Azərbaycan cəmiyyətində ona qanun ranqı vermək lazımdır - məsələn, Nyuton qanunları kimi. Hərçənd, yenə də elə bu Azərbaycan reallığında mən artıq təsirin əks-təsirə bərabər olduğundan şübhələnməyə başlamışam...

Həm bu BG, söhbətinə həm də bu baş pendirçi söhbətinə görə Azərbaycan heçvaxt irəli getmiyəcək, heçvaxt bir şey ilk olaraq Azərbaycanda çıxmıyacaq.
Çünki bizdə, başını aşağı sal işini gör prinsipinin cəmiyyəti nə qədər geri saldığını ya başa düşmürlər, ya da başa düşmək istəmirlər
Aprel 20, 2008 21:08