Hər şey biznesdir və biznes - hər şeydir; insan hisslərinin olduğu bütün müstəvilərdə - ehtirasların, arzuların, inamın, dinin, qorxunun – bütün bunların hamısının üzərində biznes qurula bilər və qurulur da; ancaq milli biznesin iki sahəsinə mən konkret olaraq, nifrət edirəm: ölümün və toyun üzərində qurulan pul qazanma mexanizmlərinə! İkisinin arasından isə, zənnimcə, toy daha bədbheybətdir.Heç düşünmüsünüzmü, toy nədir?
Bu, nəhəng bir iqtisadi sistemdir, biznes aparatıdır, pul qazanma mexanizmidir; bu mexanizm saat kimi işləyir və minlərlə insanın cibini doldurur: şadlıq evləri tikilir, onların personalı, musiqiçiləri, ərzaq təminatçıları, müğənnilər, ən əsası, sahibləri, sahiblərinin hamiləri – hamısı burada həm hərfi, həm də məcazi mənada qazan doldurur; araşdıran olsa, bu biznesin aylıq dövriyyəsinin bəlkə də milyonlarla dollarla ölçüldüyü aşkarlanar.
Bu, ikitərəfli bir mexanizmdir: ölkədə toy biznesi şou-bizneslə dərindən inteqrasiya olunub; manıslar birində pul qazanır, o birində həmin pulun hesabına “raskrutka” olunur, təzədən bu birində həmin “raskrutka”nın hesabına özlərinə daha böyük qiymət qoyurlar.
Sadə insanlarsa toya ya bir sosial öhdəlik, ya da qarşılıqlı borclaşma mexanizmi kimi baxırlar. Ya fikirləşirlər ki, “getməsəm, olmaz”, ya da kimlərin toyuna nə qədər pul saldıqlarına dair siyahılar tuturlar ki, vaxtı çatanda verilən kreditlər geri qaytsın.
Bəli, toy – böyük bir sistemdir; özünün qanunları, mexanizmləri, şablonları var; kiməsə həmin şablondan çıxmaq müyəssər olmur – bu, sistemə qarşı üsyan deməkdir. Heç kimin özünün istədiyi kimi toy etməsi mümkün deyil – bütün ştamplar artıq hazırdır, sadəcə, onların sizin də taleyinizə vurulması üçün pulunuzu ödəyin və - Allah mübarək eləsin.
Amma bütün bu ağır iqtisadi maşının uğultulu işində çox həssas, incə bir nüans itib-batır: iki nəfərin hissləri! Doğrudanmı, bu biznesin iki gəncin sevgisinə, ailə qurmasına, geniş mənada isə taleyinə bir dəxli var? Bu gurultu, vur-çatlasın sevginin məntiqi davamıdırmı?
“Toy” adlanan iqtisadi mexanizm elə qurulub ki, sevgi və birgə yaşayış (hələ ki bilərəkdən “ailə” demirik) heç vaxt iki nəfərin şəxsi işi ola bilməsin. Bu işə mütləq yaxın və uzaq qohum-əqraba, dost-tanış qatılsın, şəxsi həyat kütləviləşsin, ictimailəşsin... Niyə? Ona görə ki, bəziləri daha çox pul qazansınlar! Bu biznes insanın şəxsi həyatına kobud müdaxilə üzərində qurulub. Doğrudan da, əgər insan öz sevdiyilə birgə yaşamaq istəyirsə, bunun bir toyxana camaata nə dəxli var? Axı həmin vur-çatlasının, xərclənən pulların o cütlüyün xoşbəxtliyinə nə birbaşa, nə də dolayısıyla heç bir aidiyyatı yoxdur!
Bu mexanizm həm də ona görə çox rəvan işləyə bilir ki, “milli mentalitet” adlanan dəyərlər sistemindən (əslindəsə anoxronizmdən) tam dəstək alır. Axı həmin dəyərlərə görə də iki nəfərin sevişməsi və birgə yaşayışı heç zaman onların şəxsi işi ola bilməz - mütləq bütün nəsil işə qarışmalı, ağsaqqal-ağirçək xeyir-duasından tutmuş, yengəliyə qədər bütün milli institutlardan bir-bir keçilməlidir. Bu prosesin bütün mərhələləri insan azadlığının, şəxsi həyatın toxunulmazlığının, müqəddəsliyinin kobud şəkildə pozulmasıdır. Hər mərhələyə - hətta yatağa qədər,- mütləq burun soxulmasa,olmaz.
Ona görə də, mən söz vermişəm: hər kim birinci olaraq, bu səfeh sistemə qarşı çıxaraq, toysuz-filansız, sadəcə bir yerdə yaşamağa qərar verməyə cəsarət edəcəksə, həmin cütlüyün qarşısında baş əyməyə hazıram.

Sən sadəcə 270kmlik bir məsafəni qət etməlisən...vəssalam...amma baş əyməyinə qıymarıq təbii...-))
Aprel 30, 2008 20:08