terminilə filmin məntiqi davamı olan ikinci hissəsinin çəkilməsi belə adlanır) çəkmək ənənəsi yaranandan sonra hey düşünürdüm: görəsən, biz də eyni işi görsək, nə alınardı? Məsələn, Eldar Ryazanovun kulta çevrilmiş “Həmişə təmizlikdə və ya taleyin ironiyası” filmi Timur Bekmambetovun yozumunda belə olmuşdu: sən demə, o zaman Jenya və Nadya birgə yaşaya bilməyib, ayrılıblar; Nadya İppolitə ərə gedib, indisə onların uşaqları görüşür... Bəs biz öz filmlərimizin sikvelini hansı ssenarilərlə çəkə bilərik?Ağlıma ilk gələn “Gün keçdi” filmi oldu.
Bəlkə də o filmdəki qurama sovet əxlaqı pafosu məni həmişə qıcıqlandırıb, ona görə, bilmirəm; amma əla sikvel alınar. Məsələn belə:
Oqtay Bakı Şəhərinin İcra Hakimiyyətində işləyir, Hacıbala müəllimin sağ əlidir, hündür binaların tikilməsinə icazə verməklə məşğuldur; aldığı rüşvətlərdən köpüb, qəssab pişiyinə oxşayır; Moskvadan gələn Əsməri Binə aeroportunun qabağında saxladığı fil tabutu boyda “Cip”ində gözləyir. Əsmər də bir az kökəlib, dərin dekolteli qısa paltar geyinib; Bakı üçün darıxıb-eləməyib, lap darıxsa belə, nə xeyri – onsuz da həmin Bakı artıq yoxdur. Gəlişində iki məqsəd var: Oqtayın ad günün təbrik etmək və ondan xahiş etmək ki, Camalı Bakıda yaxşı rüşvət almaq mümkün olan bir işə düzəltməyə kömək etsin. Oqtay “Cip”ini Bakıdakı villalarından birinin qarşısına sürür, Əsmərlə keçən günlərdən söhbət edə-edə göstərmək istəyir ki, guya vəzifəyə və pula baxmayaraq, romantikliyini hələ də itirməyib. Burada filmin zərbəçi frazası gəlir: “Sən mənə yox, diplomata getdin; amma görürsən ki, dünyanın işini bilmək olmur: indi mənə gələn diplomatla gəlir”. Və əlbəttə ki, həmin villasında Oqtay Əsmərlə bağlı iki dəfə buraxdığı səhvi də düzəldir. Amma... səhvdüzəltmə prosesinin ən şirin yerində, Əsmərin “ah”ları və “off”ları sədası altında Oqtayın mobil telefonu qəfildən zəng, daha doğrusu, Rəqsanənin “Mən səni görmək istəsəm, hara gəlim” mahnısını çalır və.. . ona bildirirlər ki, tikintisinə şəxsən özünün icazə verdiyi bina uçub!!!
Sinopsis üçün bu qədər bəsdir.
Sikveli maraq doğura biləcək ikinci filmin “Bəxtiyar” olmasına etiraz etmirsiniz ki? Günümüzün eyni zamanda iki aktual mövzusuna həsr olunub: neft(çi) və müğənni. Ona görə də, bu filmin sikvelinin ssenarisi müxtəlif variantlarda ola bilər. Məsələn, mümkün variantlardan biri: “Əsrin müqaviləsi” imzalanandan sonra ingilis dilini bilmədiyinə görə Bəxtiyar bir müddətdən sonra işini itirir. Bu zaman ikinci, vaxtilə ciddi yanaşmadığı qabiliyyəti – oxumağı köməyinə çatır: Bəxtiyar olur “toylar kralı”! Di gəl ki, taleyin istehzasına bax da: sən demə, Yusif partlayıb-eləməyibmiş! Əksinə, “zavmağ”lıqdan böyüyüb, keçib zavsupermarketliyə, oradan da toy biznesinə girişib, indi bir neçə böyük şadlıq sarayına, restoranlar şəbəkəsinə nəzarət edir. Onun köhnə hikkəsi yenidən qızışır və Bəxtiyarı toylardan kənarlaşdırmaq, həmçinin Saşanı yenidən ələ keçirmək üçün planlar qurmağa başlayır. Əlbəttə, Saşa xeyli qocalıb, Yusifin restoranlarında işləyən və ona müxtəlif xidmətlər göstərən ofisiant qızların heç dırnağına da dəyməz, amma qısas qiyamətə qalmamalıdır axı! İlk addım kimi Yusif Bəxtiyarı şou-biznes aləmində biabır etmək üçün onun “mavi” olması haqda şayiəni dövriyyəyə buraxır.
Sinopsis üçün bu qədər bəsdir.
Açığı, sikvel planlarımız burada bitmir. Məsələn, “Bizim Cəbiş müəllim” filminə əla sikvel çəkmək olar – adını da artıq tapmışam: “Bizim Cəbiş repetitor”. Amma bu haqda gələn dəfələrdə.

Salam Vüsal.
Bəs Cəhrə qarı?
Onun dediyi sözləri danırdı:"bax şıppıltıynan altından çıxacam".
Bu günümüzdə də hamı dediyini şıppıltıynan danır.
May 1, 2008 22:47