daha heç bir şübhə yoxdur: gözünüz aydın, dostlar, biz hamımız satanistik! İnananı təbrik, inanmayana sübut etməyə hazıram.Gəlin, əvvəlcə başlayaq Satanizmin əsas prinsiplərindən. İlk iki prinsip: Satanizm mənəvi illüziyalarla yaşamaq əvəzinə, məişət rahatlığına nail olmağı vacib sayır; özünü məhrumiyyətlərə qapatmaq yerinə, instinktlərə qulaq asmağı lazım bilir.
Səmimi deyim: məm hələ elə bir insan, - hətta lap qatı dindar olsa belə,- görməmişəm ki, o, axirətin illüziyaları naminə, bu dünyanın real komfortundan, qazancından əl çəksin! Hələ elə Allah adamına rastlamamışam ki, instinktlərilə savaşa qalxsın.
Hamı dildə özünü dindar elan edir, dini ritualları yamsılayır, amma rahatlığını, instinktlərini təmin etməyi də yaddan çıxarmır. Ay sizi, potensial satanistlər!
Sonra. Satanizmin növbəti prinsipi belədir: “Bağışlama, qisas al!” And olsun ölkədəki bütün dindarların müqəddəs başlarına, mən hələ elə Allah adamı görməmişəm ki, onu incidəni bağışlasın, qisas almaqdan vaz keçsin. Elə dindara rastlamamışam ki, kinini, hikkəsini başqasına yönəltmısin. Öz başıma da gəlib. Görün, xəbəri belə olmadan, nə qədər insan Satanizm ideologiyasına sadiqdir.
Satanizm bütün klassik dinlərdə olan “Özünə istəmədiyini başqasına da arzulama” əmrini qeyri-real sayır və rədd edir. Satanizmə görə, yaxşılığa layiq olana yaxşılıq, pisliyə layiq olana isə pislik eləmək lazımdır, yoxsa təbii harmoniya pozular. “Ətrafdakılara sevgi və ya nifrət bəsləmə, yalnız layiq olduqlarını ver”,- Satanizmdə belə deyilir. Səmimi söyləyim: mən bu hökmlə ikiəlli razıyam! Əminəm ki, elə siz də! Dünyada “ədalət” deyilən bir şey əgər varsa, o, məhz belə ola bilər!
Daha sonra, bu fəlsəfi sistemə görə (Satanizm din yox, məhz fəlsəfi sistemdir), insan bütün hərəkətləri üçün yalnız özü məsuliyyət daşıyır və heç bir halda “qismət”, “qəzavü-qədər”, “tale”, “alın yazısı” kimi bəhanələrə sığınmamalıdır. Tamamilə razıyam! Siz necə?
“Arzularla yaşamaq əvəzinə, mövcud olandan zövq al!”,- bu da Satanizmin başqa bir prinsipidir. Və məncə, bu, depressiyadan, psixozdan qurtarmağın yeganə yoludur. Çünki əmin ola bilərsiniz: Sizin arzular heç zaman istədiyiniz şəkildə həyata keçməyəcək. Heç zaman!
“Özünü aldatmaq əvəzinə, dərk etməyə çalış” – Söhbət həm özünü, həm də bütövlükdə dünyanın realıqlarını dərk etməkdən gedir. Yəqin, bu da bütün normal insanların həyat məqsədlərindən biri olmalıdır.
Amma ən maraqlı prinsip bilirsinizmi, nədir? Satanizmə görə, insan heç də ali varlıq-filan deyil! Heyvani instinktlərlə yaşayan bir canlıdır. Yeri gələndə ən murdar heyvandan daha alçaq olur. Və insanın heyvani təbiətini danmaq cahillikdir. Bu, çox müdrik və məncə, həqiqətə daha yaxın fikirdir.
İndi özünüz deyin: bizim aramızda bu ideyalara tapınan adamlar nə qədərdir? Bax, onların hamısı özləri də fərqində olmadan, satanistlərdirlər. Sadəcə, Satanizmin nə olduğunu hələ bilmirlər.
Əgər həvəsiniz olsa (və mömin müsəlmanlar məni daş-qalaq eləməsələr), gələn dəfə Satanizmin günah saydığı əməllərdən də danışa bilərik.

"Əgər həvəsiniz olsa (və mömin müsəlmanlar məni daş-qalaq eləməsələr), gələn dəfə Satanizmin günah saydığı əməllərdən də danışa bilərik."
Yazsaniz yaxşı olar.Sadəcə mənim üçün maraqlı olduğuna görə istəyirəm.
May 14, 2008 14:14