Son zamanlar dinə az-çox dəxli olan bütün yazılarımdan (ya da yazmayıb, dilə gətirdiyim fikirlərimdən) sonra Göydəkinin yerdəki əsgərlərinin hücumlarına uğrayanda, içimdə acı bir istehza baş qaldırır: Doğrudanmı, özünü Allahın şilləvuranları kimi təsəvvür edən insanlar gerçəkdən Onun xidmətində durublar? Bilmərrə yox! Şiə şiəliyini, Sünni sünniliyini, insan “Allah” dediyini müdafiə edərkən, əslində, yalnız öz EQO-sunu müdafiə edir. Ona bu həvəsi, enerjini, gücü, şövqü, ehtirası verən yalnız və yalnız öz EQO-sudur, Allahına və ya məzhəbinə olan sevgisi yox.
“Necə yəni, mən düz bilmirəm?!” – bax, bu hikkədir insanları məzhəb qarşıdurmasına sürükləyən. “Necə yəni, mənim ata-babalarım düz inanmırdı?!” – bax, budur EQO-nu sancan, ağrıdan, insanı coşduran!!! “Siz hansı haqla mənim düz inanmadığımı deməklə, özünüzü məndən ağıllı saymağa cürət edirsiniz?!” – insanların daxili motivasiyası budur!!! Onlar Allahlarını, Peyğəmbərlərini yox, öz əziz və müqəddəs EQO-larını müdafiə edirlər.
Sonralar mən çox düşünmüşəm bu haqda: bizə o qədər həvəsi, enerjini verən nə idi? Aişəyə ya Əliyə, Zəhraya olan sevgimi, məzhəb təəssübkeşliyimi? Əsla yox. Yalnız və yalnız EQO-muz! Əslində, o amansız dartışmada hər birimizin digərinə demək istədiyi yalnızca bir söz vardı: “Sən niyə axı mənim düzgün fikirləşdiyimi qəbul etmək istəmirsən?! Niyə? Məni yəni bu qədər axmaq sayırsan?” Heç kim dərk etməsə də, bütün söhbət əslində bunun üstündə idi.
Bu olay haqqında fikirləşdikcə, mənim məzhəb, din və ümumiyyətlə, Allah haqqında fikirlərim xeyli dəyişdi. Bildim ki, insanlar ancaq özləri haqda düşünüb, özləri haqda danışa bilirlər (Yeri gəlmişkən, bu, Psixologiyanın əsas müddəalarından biridir). Sadəcə, bu düşüncələr başqa obyektlərin üzərinə köçürülür - o cümlədən də məzhəbin və Allahın! İnsan din, məzhəb, Allah haqqında danışanda fərqində belə olmadan, özünü, öz daxili aləmini həmin efemer anlayışa proyeksiya edir və başlayır özündən danışmağa! Ona görə də, məsələn, mənim Allahım sizin Allahınızdan fərqlənir! Sizin Allahınız isə onların Allahından! Allah kimi təsəvvür edilən anlayış – insanın EQO-sudur. İnsan əslində həmişə onun - yəni öz EQO-sunun keşiyində durur, onun uğrunda savaşır, ölümə gedir, onu sevir, ona toxunanda insanın bütün hissləri püskürür, ağlı yerindən oynayır! Özünüzü aldatmayın – siz öz EQO-nuzu ilahiləşdirirsiniz əslində!
Ona görə də, insan nə qədər qaraqabaq, yumor hissindən uzaq, özünə ironiya etməyi bacarmayan biridirsə, onun Allahı da bir o qədər sərt, acıqlı, tələbkar, amansız, hər xırda işə qarışan olur. Mənim kimi özü başda olmaqla, bütün həyata ironik yanaşan insanın Allahı isə liberal və mülayimdir.
Və çox vacib bir nüans: fikir vermisinizsə, həmişə dəyərsiz, həyatın dibində olan, kasıb, lümpen insanlarda Allah sevgisi, şövqü daha qüvvətli olur. Onlar Allah və ya Məzhəb söhbətinə görə adamı az qala parçalamağa da hazır görünürlər. Niyə? Hər şey çox sadədir: belə insanların EQO-su daha çox yaralıdır, tumarlanmağa, təsəlliyə, təmin olunmağa daha çox ehtiyac duyur! Ona görə də onlar din məsələlərində (əslində isə öz EQO-ları uğrunda mübarizədə) daha aqressiv olurlar.
Ümumiyyətlə, insan nə qədər EQOistdirsə (mənfi mənada, sağlam eqoizm əslində yaxşı şeydir), onun Allahı da bir o qədər bədheybətdir! Bir düşünün: doğrudan da, inandığınız Allah dediyiniz qədər qüdrətlidirsə, onun sizin müdafiənizə ehtiyacı varmı? Yoxdur axı. Amma öz EQO-nuzun Sizin (hirslənməyin, olsun bizim – özümü də qatıram) müdafiənizə, onun yolunda baş kəsib, qan tökməyinizə, şillə-təpik vurmağınıza, mübahisə etyməyinizə, ehtiyacı var. Həm də necə var!!! Siz də bunu edirsiniz, EQO-nuz da xoşallanır, özünüz də ləzzət alırsınız!
Ona görə, qardaşlar və bacılar, Allahın yolunda yaxanızı yırtmayın. Anlayın ki, “Allah” deyəndə, siz bilmədən, altşüurunuzda özünüzü nəzərdə tutursunuz. Allah haqqı, belədir!

P.S. Mən, əlbəttə, Allaha inanıram. Bu yazıda söhbət Ali Qüvvə olan Allahdan yox, insanların təsəvvürlərindəki Allah obrazından gedirdi.
May 17, 2008 17:34